Aydın Xan (Əbilov) XXI Beynəlxalq Moskva Kitab Sərgi-Yarmarkasına yollanır
Yazar: elaqelendirici @ Avqust 30, 2008 17:48
Sentyabrın 3-də qonşu Rusiya Federasiyasının paytaxtında XXI Beynəlxalq Moskva Kitab Sərgi-Yarmarkası öz işinə başlayır. Dünyanın ən nüfuzlu kitab yarmarkalarından sayılan Moskva sərgi-yarmarkası sentyabrın 3-dən 8-nə kimi davam edəcək və bu tədbirdə 100-ə yaxın ölkədən minlərlə nəşriyyat, poliqrafiya müəssisələri, kitab yayımı və satışı firmaları, reklam agentlikləri, 
yazılı və elektron KİV nümayəndələri, ədəbiyyat qurumlarının üzvləri, naşirlər, yazıçılar, eləcə də yüz minlərlə oxucu, bir sözlə ədəbi-bədii sözə, intellektual düşüncəyə, çap məhsullarına biganə qalmayan, nəşriyyat-poliqrafiya işinin biliciləri, kitabdan yararlananların fəal iştirakı gözlənilir.
Xatırlatmaq yerinə düşər ki, sərgi çərçivəsində Müstəqil Dövlətlər Birliyi Ölkələri V Beynəlxalq Kitab Sənəti Yarışmasının qaliblərinin mükafatlandırılması mərasimi də keçiriləcək.
Builki sərgidə təşkilatçıların xüsusi dəvəti ilə Azərbaycan Respublikası da geniş təmsil olunur: Mədəniyyət və Turizm Nazirliyi məxsusi olaraq milli kitablarımızdan ibarət ekspozisiyanı artıq Moskvaya yollayıb və gələn həftə bu qurumun məsul əməkdaşları qonşu ölkəyə yollanırlar. Nümayəndə heyətinin rəhbəri, Müstəqil Dövlətlər Birliyi Ölkələri V Beynəlxalq Kitab Sənəti Yarışması Münsiflər Heyətinin üzvü, tanınmış şair Çingiz Əlioğlunun verdiyi məlumatlara görə, builki yarışmada Azərbaycanın beş kitabı müxtəlif nominasiyalarda birinci və ikinci yerlərə layiq görülüb.
Məlumat üçün onu da bildirək ki, respublikamızdan daha bir ədəbiyyat adamı - ölkəmizdə hər il keçirilən Bakı Kitab Bayramının təşkilat komitəsinin rəhbəri, Yeni Yazarlar və Sənətçilər Qurumunun sədri, yazıçı-kulturoloq Aydın Xan (Əbilov) da təşkilatçıların dəvəti ilə Moskva Kitab sərgi-yarmarkasında iştirak edəcək. Beynəlxalq ədəbi-mədəni, intellektual-yaradıcı əlaqələrin möhkəmləndirilməsi, kitab və nəşriyyat sahəsində dünyanın aparıcı təcrübələrini - innovativ yeniliklərini öyrənilməsi, yeni əsərlərlə yaxından tanışlıq baxımından bu mötəbər tədbirin əhəmiyyəti çox böyükdür.
Aydın Xanın açıqlamasına görə, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin maddi dəstəyi ilə həyata keçirilən səfər zamanı qonşu Rusiya və MDB ölkələri yazıçıları ilə münasibətlərin möhkəmlənməsində maraqlı olan YYSQ sədri kimi bir sıra ciddi görüşlərdə iştirak edəcək.
E-mənbə: http://mibf.ru/index.php?id=23
E-mənbə: (Tədbirin Proqramı) http://mibf.ru/index.php?id=37&version=print


