Reklam verin!
     
 

Yeni Yazarlar Qurumu

Xocalı soyqırımı: ictimai polemikalı tədbirə dəvət (əlavə iki material)

Xocalı soyqırımına həsr olunmuş tədbirə dəvət

"Müasir Gənclik və Sosial İnkişaf" İctimai Birliyi Yeni Yazarlar və Sənətçilər Qurumunun nəzdində fəaliyyət göstərən Gənclər "Pen-klub"u ilə birgə Xocalı soyqırımının 16-cı ildönümünə həsr olunmuş "Gənclər tariximizi unutmayaq!!!" mövzusunda tədbir keçirir.

Fevralın 22-də saat 11.00-da Beynəlxalq Mətbuat Mərkəzinin böyük zalında keçiriləcək tədbir Dəyirmi masa - diskussiya formatındadır.

Məclisə AR Milli Məclisin üzvləri, QHT rəhbərləri, tarixçi alimlər, politoloqlar, tələbə-gənclər, o cümlədən yazılı və elektron Kütləvi İnformasiya Vasitələri nümayəndələri dəvətlidirlər (daha geniş materiallar burada).

Tədbirdə aşağıdakı məsələlər müzakirəyə çıxarılacaq:

- 1988-ci ildən bu yana Ermənistan dövlətinin yenidən Azərbaycan Respublikasına qarşı ədalətsiz torpaq iddiaları və elan olunmamış müharibənin başlanması;

- Dağlıq Qarabağ və ətraf rayonlarımızın işğalı;

-  XX əsrin ən dəhşətli kütləvi qırğın hadisəsi kimi Xocalı soyqırımının erməni qəsbkarları və sabiq rus-sovet ordusu tərəfindən törədilməsi;
   
- Xocalı soyqırımına dünya ictimaiyyətinin, beynəlxalq təşkilatların və xarici dövlətlərin münasibəti;

- Dağlıq Qarabağda baş verənlər nəticəsində - ermənilərin törətdikləri sosial-mədəni, təbiət və ekoloji fəsadlar;

- Beynəlxalq aləmdə erməni fitnəkarlıqlarına qarşı milli informatik-ideoloji mübarizənin təşkili;

- Ermənistanın Azərbaycan Respublikasına qarşı apardığı müharibənin dövlətimizə və xalqımıza vurduğu maddi, mənəvi, psixoloji, tarixi, iqtisadi, siyasi zərbələr və b.

Təşkilatçılar Azərbaycan ictimai-siyasi düşüncəsində tanına fikir sahiblərini tədbirdə fəal iştirak etməyə dəvət edir, QHT rəhbərlərini bu tarixi-milli məsələlərə biganə qalmamağa səsləyirlər.

Maraqlananlar dəvət olunurlar.

Yeni Yazarlar və Sənətçilər Qurumunun Analitik-İnformasiya bölməsi

Əlavə kimi baxın:

XOCALI SOYQIRIMI XX ƏSRİN ƏN DƏHŞƏTLİ CİNAYƏTLƏRİNDƏNDİR
 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Azərbaycan xalqının tarixinə qara hərflərlə yazılmışdır. Həmin gecə erməni silahlı dəstələri SSRİ dövründə Xankəndi şəhərində yerləşmiş, komanda və şəxsi heyətinin xeylisi ermənilərdən ibarət olan 366-cı motoatıcı alayının zirehli texnikası və hərbçilərinin köməyi ilə Xocalı şəhərini yerlə-yeksan etmişlər.
Xatın, Liditsa, Oradur soyqırımları kimi, Xocalı faciəsi də insanlıq tarixinə düşmüş qanlı olaydır. Erməni təcavüzkarların Azərbaycan xalqına qarşı törətdikləri bu növbəti kütləvi qırğın 613 nəfərin, o cümlədən 106 qadının, 83 uşağın, 70 qocanın həyatına son qoydu. 1275 dinc sakin əsir götürüldü, 150 nəfərin taleyi isə hələ də məlum deyildir. 
1000-dən artıq dinc sakin müxtəlif dərəcəli güllə yarası alaraq şikəst olmuşdur. Onların 76 nəfəri yetkinlik yaşına çatmamış uşaqlar idi. Xocalı qırğını zamanı 6 ailə tamamilə məhv edilmiş, 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirmişdir. 56 nəfər xüsusi qəddarlıqla öldürülmüş - diri-diri yandırılmış, başlarının dərisi soyulmuş, bədən əzaları və başları kəsilmiş, gözləri çıxarılmış, hamilə qadınların qarnı süngü ilə deşik-deşik edilmişdi.
 Rusiyanın “Memorial” hüquq-müdafiə mərkəzinin məlumatına görə, dörd gün ərzində Ağdama Xocalıda qətlə yetirilmiş 200 azərbaycanlının meyiti gətirilmiş, onlarca meyitin təhqirə məruz qalması faktı aşkar edilmişdir. Ağdamda 181 meyit (130 kişi və 51 qadın, o cümlədən 13 uşaq) məhkəmə-tibbi ekspertizasından keçirilmişdir. Ekspertiza zamanı müəyyən edilmişdir ki, 151 nəfərin ölümünə güllə yaraları, 20 nəfərin ölümünə qəlpə yaraları səbəb olmuş, 10 nəfər küt alətlə vurularaq öldürülmüşdür. Hüquq-müdafiə mərkəzi diri adamın baş dərisinin soyulması faktını da qeydə almışdır.
Bu soyqırımı aktı nəticəsində bəzi ailələr bütünlüklə məhv edilmiş, mülki əhali görünməmiş qəddarlıqla qətlə yetirilmiş, əsir götürülənlərə amansız işgəncələr verilmişdir. Həmin əməllərin qabaqcadan düşünülmüş qaydada, milli əlamətinə görə insanların tamamilə və ya qismən məhv edilməsi niyyəti ilə törədilməsi beynəlxalq hüquqa və dövlətdaxili hüquqa əsasən məhz soyqırımı olduğunu sübut edir. Erməni cəlladlarının törətdikləri bu vəhşilik və vandalizm aktı bəşəriyyətin əsil soyqırımı kimi tanıdığı və yuxarıda adı çəkilən faciələrlə eyni səviyyədə qiymətləndirilməlidir. Dünyanın sülhsevər insanları, sivil dövlətləri, nüfuzlu beynəlxalq təşkilatları, beynəlxalq ictimaiyyət bu acı həqiqəti bilməli, insanlığa qarşı törədilən bu cinayət öz hüquqi qiymətini almalıdır. Beynəlxalq hüquqa görə, soyqırımı sülh və bəşəriyyət əleyhinə yönələn əməldir və ən ağır beynəlxalq cinayət sayılır. BMT Baş Məclisinin 9 dekabr 1948-ci il tarixli 260 (III) saylı qətnaməsi ilə qəbul edilmiş və 1961-ci ildə qüvvəyə minən Soyqırımı cinayətinin qarşısının alınması və təqsirkarların cəzalandırılması haqqında Konvensiyada soyqırımı cinayətinin hüquqi əsası təsbit olunmuşdur. Ermənistanın Azərbaycana qarşı təcavüzü zamanı həmin Konvensiyada təsbit edilmiş soyqırımı cinayətini təşkil edən bütün əməllər tətbiq olunmuşdur. Bu işğalçı ölkənin yürütdüyü terrorçuluq siyasəti uzun illərdir ki, dünya ictimaiyyətinin gözü qarşısında baş verir. Halbuki, beynəlxalq hüquq normalarına, BMT-nin və ATƏT-in prinsiplərinə görə, dövlətlərin sərhədlərinin toxunulmazlığına hörmət edilməlidir, ərazi bütövlüyünün və suverenliyin pozulması yolverilməzdir. BMT Təhlükəsizlik Şurası Azərbaycanın işğal olunmuş torpaqlarının qeyd-şərtsiz azad edilməsi barədə dörd qətnamə qəbul etsə də, işğalçı Ermənistan bunları hələ də yerinə yetirmir.
Xocalı faciəsi iki yüz ilə yaxın bir müddət ərzində erməni millətçilərinin və onların havadarlarının Azərbaycan xalqına qarşı apardığı etnik təmizləmə və soyqırımı siyasətinin davamı və qanlı səhifəsi idi. Bu mənfur siyasət xalqımıza saysız-hesabsız müsibətlər və əzab-əziyyətlər gətirmişdir.
Xocalı soyqırımını törətməklə erməni millətçiləri məkrli məqsədlər güdürdü: xalqımızı qorxutmaq, vahimə yaratmaq, onun mübarizə əzmini qırmaq, torpaqların işğalı faktı ilə barışmağa məcbur etmək. Lakin hiyləgər və amansız düşmən məqsədinə çata bilmədi. Xocalı müdafiəçiləri qəddar düşmənlə mübarizədə əyilmədilər, qəhrəmanlıqla vuruşaraq Vətənə sədaqət nümunəsi göstərdilər.
Xocalı faciəsindən danışarkən o zamankı rəsmi Azərbaycan rəhbərliyinin və ölkədə vəziyyətə ciddi təsir edən siyasi qüvvələrin acizliyini, səriştəsizliyini, xalqın taleyinə biganəliyini xüsusi qeyd etmək lazımdır. Dövlət rəhbərliyi xalqın qəzəbindən qorxaraq, hadisənin miqyasını kiçiltməyə cəhd etmiş, bu qanlı cinayət barədə beynəlxalq ictimaiyyətə operativ və ətraflı məlumat vermək üçün heç bir iş görməmişdi. 1994-cü ildən ümummilli liderimiz Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan hökuməti və parlamenti erməni millətçilərinin azərbaycanlılara qarşı törətdikləri cinayətlər, o cümlədən Xocalı soyqırımı haqqında həqiqətləri bütün miqyası və dəhşətləri ilə dünya dövlətlərinə və beynəlxalq ictimaiyyətə çatdırmaq, bunların soyqırımı siyasəti kimi tanınmasına nail olmaq üçün ardıcıl tədbirlər görmüşdür. Məqsəd Xocalı faciəsinə beynəlxalq hüquqi-siyasi qiymət verilməsinə, onun təşkilatçılarının, ideoloqlarının və icraçılarının dünya ictimaiyyətinin gözündə ifşasına və cəzalandırılmasına nail olmaqdır. Bu, bir tərəfdən Xocalı müdafiəçilərinin və şəhidlərinin ruhu qarşısında bizim insanlıq və vətəndaşlıq borcumuzdur. Digər tərəfdən isə, insanlığa qarşı yönəlmiş bu cür qəddar cinayətlərin gələcəkdə təkrar olunmaması üçün mühüm şərtdir.
Xocalı faciəsi haqqında xarici mətbuatın yazdıqlarından:
"Krua  I Eveneman" jurnalı (Paris), fevral 1992-ci il:  "Ermənilər Xocalıya hücum etmişlər. Bütün dünya eybəcər hala salınmış meyitlərin şahidi oldu"

“Sandi Tayms” qəzeti (London), 1 mart 1992-ci il: “Erməni əsgərləri minlərlə ailəni məhv etmişlər”.

Livanlı kinooperator təsdiq etmişdir ki, onun ölkəsinin varlı daşnak icması Qarabağa silah və adam göndərir.

“Tayms” qəzeti (London), 4 mart 1992-ci il: “Çöxları eybəcər hala salınmışdır, körpə qızın ancaq başı qalmışdır”.

“İzvestiya” (Moskva), 4 mart 1992-ci il: “Videokamera qulaqları kəsilmiş uşaqları göstərdi. Bir qadının sifətinin yarısı kəsilmişdir. Kişilərin skalpları götürülmüşdür”.

“Faynənşl Tayms” qəzeti (London), 14 mart 1992-ci il: “General Polyakov bildirmişdir ki, 366-cı alayın 103 nəfər erməni hərbçisi Dağlıq Qarabağda qalmışdır”.

“Le Mond” qəzeti (Paris), 14 mart 1992-ci il: “Ağdamda olan xarici jurnalistlər Xocalıda öldürülmüş qadın və uşaqlar arasında skalpları götürülmüş, dırnaqları çıxarılmış 3 nəfəri görmüşlər. Bu, azərbaycanlıların təbliğatı deyil, bu, reallıqdır”.

“İzvestiya” (Moskva), 13 mart 1992-ci il: “Mayor Leonid Kravets: Mən şəxsən təpədə yüzə yaxın meyit gördüm. Bir oğlanın başı yox idi. Hər tərəfdə xüsusi qəddarlıqla öldürülmüş qadın, uşaq, qocalar görünürdü”.

“Valer aktuel” jurnalı (Paris), 14 mart 1992-ci il: “Bu “muxtar regionda” erməni silahlı dəstələri Yaxın Şərqdən çıxmışlarla birlikdə müasir texnikaya, o cümlədən vertolyotlara malikdirlər. ASALA-nın Suriya və Livanda hərbi düşərgələri və silah anbarları vardır. Ermənilər yüzdən artıq müsəlman kəndlərində qırğınlar törədərək, Qarabağdakı azərbaycanlıları məhv etmişlər”.

R.Patrik, İngiltərənin “Fant men nyus” teleşirkətinin jurnalisti (hadisə yerində olmuşdur): “Xocalıdakı vəhşiliklərə dünya ictimaiyyətinin gözündə heç nə ilə haqq qazandırmaq olmaz”.

Azərbaycan Milli Məclisi hər il fevralın 26-nı “Xocalı soyqırımı günü” elan etmişdir. Həmin gün bütün Azərbaycan Xocalı soyqırımı qurbanlarının xatirəsini yad edir.

Doğma yurdlarından didərgin düşmüş və Azərbaycanın 48 rayonuna səpələnmiş Xocalı sakinləri bu gün Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli, Ermənistanın Azərbaycana qarşı təcavüzünün dəf edilməsi, ölkənin ərazi bütövlüyünün bərpa edilməsi ümidi ilə yaşayırlar. Onlar dünya xalqlarına, dövlətlərinə, beynəlxalq təşkilatlara haqq-ədaləti və həqiqəti müdafiə etmək, Xocalıda törədilmiş soyqırımını pisləmək barədə müraciətlər edirlər.

Xocalı soyqırımının günahkarları, təşkilatçıları və icraçıları layiqli cəzalarına çatmalıdırlar. Cinayət cəzasız qala bilməz...

Daşnaq-sovet cəlladlığının son nümunəsi: Xocalı soyqrımı

26 fevralda gerçək soyqrım yaşandı, ancaq yalançı soyqrıma inanan dünya gerçək soyqrımı tanımaq istəmir...

Keçmiş sovet ordusunun 366-cı motoatıcı alayının döyüş texnikası hələ fevralın 25-də axşam Xocalını üç tərəfdən mühasirəyə alaraq, döyüş mövqelərinə çıxmağa başlamışdı. Bunun ardınca şəhərə hücum başlandı. İki saat ərzində şəhər toplardan, ağır hərbi texnikadan şiddətli atəşə tutuldu. Ertəsi gün səhər saat 5-ə yaxın şəhər əslində yerlə-yeksan olmuşdu: qalan evlər od tutub yanır, 2500-dən çox sakin isə yurd-yuvalarını tərk edərək, Əsgəran istiqamətində xilas olmağa çalışırdı, lakin Naxçivanik kəndi yaxınlığında erməni quldur dəstələri əliyalın adamları gülləyə tutdular.

Sonradan erməni tərəfin nümayəndələri sanki heyrətlə çiyinlərini çəkərək bəyan edəcəklər ki, guya dinc əhalinin şəhərdən çıxması üçün onlara “sərbəst dəhliz” yaradılmışdı. Əslində isə, həmin “dəhliz” qarlı meşələrdə, dağ aşırımlarında donub taqətdən düşmüş qadınlar, uşaqlar, yaşlı kişilər üçün dəhşətli tələyə çevrildi. Erməni quldur dəstələri bu zavallı, ümidlərini itirmiş insanları xüsusi qəddarlıqla məhv edir, hətta bundan ləzzət alırdı...

Xocalının işğal edilməsi barədə iş üzrə istintaq materiallarından məlumdur ki, şəhərə hücumda erməni separatçıları və quldur dəstələri ilə yanaşı, bədnam 366-cı alayın mayor Seyran Ohanyanın komandir olduğu 2-ci batalyonu, Yevgeni Nabokixinin komandir olduğu 3-cü batalyonu, 1-ci batalyonun qərargah rəisi Valeri Çitçyan və həmin alayın milliyyətcə erməni olan 50-dən artıq zabiti və giziri iştirak etmişdir.

Həmin materiallardan bu da məlumdur ki, Xocalıya hücum zamanı qadağan olunmuş 5,45 mm çaplı güllələrdən və kimyəvi silahdan istifadə edilmişdir. Sağ qalmış insanlara xüsusi qəddarlıqla işgəncə verilirdi. Onların başlarının dərisini soyur, başlarını və bədənin digər əzalarını kəsir, uşaqların gözlərini çıxarır, hamilə qadınların qarınlarını yırtır, adamların üstünə benzin tökərək diri-diri yandırırdılar. Bütün bunlar Cenevrə Konvensiyasının protokollarının Ermənistan tərəfindən həyasızcasına pozulması, dinc əhaliyə qarşı soyqırımı faktları deyilmi?!

Dağlıq Qarabağ münaqişəsinin ən qanlı faciəsi, əslində, 1988-ci ildə Azərbaycan SSR-in Dağlıq Qarabağ Muxtar Vilayətinin Ermənistan SSR-ə birləşdirilməsi barədə etnik ermənilərin qanunsuz tələblərindən başlanmışdı. Bu tələblər Ermənistan SSR-in hakim dairələrinin açıq dəstəyi və Sovet İttifaqının mərkəzi hakimiyyət orqanlarının dinməz razılığı ilə şirnikləndirilmişdi.
Əslində, Xocalının taleyi qabaqcadan həll edilmişdi. Əhalisinin sayı yeddi min nəfərə yaxın olan bu şəhər Xankəndidən 10 kilometr cənub-şərqdə, Ağdam-Xankəndi yolunun üstündə yerləşirdi. Qarabağda hərbi təyyarələrin enə biləcəyi yeganə hava limanı bu şəhərdə idi. Ona görə də təbiidir ki, erməni quldur dəstələrinin birinci dərəcəli vəzifəsi Xocalını məhv etmək, Əsgəranla Xankəndini birləşdirən dəhlizi açmaq və azərbaycanlıların nəzarəti altında olan yeganə hava limanını ələ keçirmək idi.
İstər-istəməz belə bir sual yaranır: Məgər o vaxt respublikaya rəhbərlik edən A.Mütəllibov bunu bilmirdi?
Əgər bilmirdisə, deməli, bu yüksək vəzifəni tutmağa haqqı yox idi.
Respublikanın ən yüksək vəzifəli şəxsi - prezident və Azərbaycan Silahlı Qüvvələrinin baş komandanı konstitusiya qaydalarının qorunmasını, ölkənin ərazi bütövlüyünü, vətəndaşların hüquq və azadlıqlarını təmin etməmişdir. Üstəlik, hətta faciə baş verəndən sonra da həqiqəti xalqa söyləməkdən qorxur və ermənilər tərəfə daha bir addım ataraq qırğının real miqyası barədə məlumatları gizlədirdi.
A.Mütəllibov Xocalını müdafiə edə bilməməkdə öz rolunu azaltmağa çalışaraq, qırğının bütün günahını Xalq Cəbhəsi rəhbərliyinin üstünə yıxırdı. Onun özünü təmizə çıxarmaq üçün, verdiyi müsahibəsi Ermənistanda geniş reklam edilirdi. Beləliklə, o, öz xalqına bir daha xəyanət etdi, öz versiyasını, daha doğrusu, özünün acizliyini və səriştəsizliyini göstərən ağılsız qənaətlərini düşmənə “hədiyyə etdi”. O vaxtkı müxalifət isə xalqın qəzəb dalğası üzərində hakimiyyətə gəlmək üçün, sadəcə, bu faciədən istifadə etdi.
Vəhşiləşmiş ermənilərin dinc əhaliyə qeyri-insani qəddarlıqla divan tutmasının daha bir səbəbi vardır.
Bunu hazırda Ermənistanın baş naziri kürsüsündə əyləşən və prezident vəzifəsinə iddia edən Serj Sarkisyan çox həyasız və sərt şəkildə söyləmişdir: “Xocalı hadisəsinə qədər azərbaycanlılar elə düşünürdülər ki, bizimlə zarafat etmək olar, onlar elə bilirdilər ki, ermənilər mülki əhaliyə əl qaldıra bilməzlər. Biz bu “stereotipi” qırmağa nail olduq”. Deməli, bu amansız qırğın bilərəkdən vahimələndirmə aktı kimi planlaşdırılmışdı.
Lakin onlar öz məqsədlərinə çatmadılar və heç vaxt çatmayacaqlar.
Kütləvi qətl yerlərində olmuş rusiyalı jurnalist Y.Romanov Qarabağ haqqında yazdığı “Mən müharibəni çəkirəm...” adlı kitabını aşağıdakı sözlərlə başlamışdı: “İlahi, axı bu necə “milli azadlıq mübarizəsi”dir?”
Həmin kitabdan cəmi bir epizodu sizə təqdim edirik, özünüz nəticə çıxarın: “...Lentə çəkdiyim 37 saniyə əllərimi yandırır. Mən insanların əhatəsindən çıxıb kameranı qaldırıram. Videoaxtarıcıda içərisində yaralılar olan maşının şütüdüyü yol görünür. Budur, yaralıları xərəklərə qoyur, platformadan birbaşa vaqonların açıq pəncərələrindən əməliyyat vaqonuna aparırlar. Başı sarıqlı 6 yaşlı qızcığaz. Sarğı elə qoyulmuşdur ki, onun hər iki gözünü örtür.
Mən kameranı söndürmədən qızcığaza tərəf əyilirəm:
-Sənə nə olub, əzizim?
-Gözlərim yanır...Əmi, gözlərim yanır...
Gözlərim yanır!!!
Həkim çiynimə əlini qoyur:
-O kordur. Gözlərini siqaret kötükləri ilə yandırıblar... Onu bizim yanımıza gətirəndə gözlərindən siqaret kötüyünün qalıqları sallanırdı...
Oxucu məni bağışlasın, lakin gözlərimlə gördüklərimi, qulaqlarımla eşitdiklərimi dilimlə deyə bilmirəm. Belə xatirələr izsiz ötüb-keçmir və axşam bu fəsli yazandan sonra, ertəsi gün gicgahlarımda ağ tüklərin çoxaldığını görürəm...”
Xocalıdakı qanlı qırğın haqqında xəbərlər özlərini “bu münaqişənin qurbanları” kimi qələmə verən ermənilər və onların havadarlarının vəhşiliyindən dəhşətə gələn ictimaiyyətə tədricən də olsa çatdı. Xocalıda azərbaycanlı əhaliyə qarşı törədilmiş soyqırımı haqqında həqiqət müxtəlif ölkələrin parlamentləri tərəfindən müzakirə mövzusuna çevrildi.
ABŞ Konqresində İndiana ştatının nümayəndəsi, beynəlxalq münasibətlər komitəsinin üzvü konqresmen Den Barton 2005-ci il fevralın 21-də Nümayəndələr palatasındakı çıxışında Konqresi Xocalı faciəsini soyqırımı kimi tanımağa çağırmışdı. Öz nitqinə “bəşəriyyət bunu bilməli və yadda saxlamalıdır” sözləri ilə başlayan konqresmen bəyan etmişdir ki, Xocalıda vəhşicəsinə etnik təmizləmə, heç bir təqsiri olmayan qadınlara, uşaqlara və qocalara münasibətdə ağlasığmaz qəddarlıqlar törədilmiş, ermənilər hətta cəsədləri də təhqir etmişlər. Konqresmen çıxışının sonunda demişdir: “Biz şahid olduq ki, ermənilər Azərbaycan ərazisində işğal etdikləri hər bir kəndi dağıtmağı öz qarşılarına məqsəd qoymuşlar. Bu, barbarlıqdır”.
Bu deyilənlərlə əlaqədar bir məsələni də xatırlatmalıyıq. Amerikada çıxan “V novom svete” adlı ermənipərəst rusdilli qəzetin 2007-ci il 19-25 oktyabr tarixli nömrəsində erməni lobbiçisi Edvard Pariyantsın “Ermənilərin soyqırımı faktdır” sərlövhəli məqaləsi dərc olunmuşdur. Müəllif bu “faktı” təsdiq etmək üçün guya 1915-ci ildə türklər tərəfindən qətlə yetirilmiş uşaqların cəsədlərinin fotoşəklini təqdim etmişdir. Əslində isə, bunlar erməni quldurların Xocalını yerlə-yeksan edərkən qətlə yetirdikləri azərbaycanlı uşaqların fotoşəkilləridir. Feliks Tsertsvadze saxtakarları yerində oturtmağa çağıraraq öz məktubunda hiddətini gizlətmir: “Həyasızlığın, utanmazlığın və sinizmin dərəcəsinə baxın ki, 1992-ci ildə erməni terrorunun qurbanı olmuş azərbaycanlı uşaqlar 1915-ci il hadisələrinin qurbanları olmuş ermənilər kimi qələmə verilir”. Fitnəkar erməninin cavabı verilmiş, qəzet isə bu səhvə görə oxuculardan üzr istəmişdir.
Xocalı qırğını həm də ona görə mümkün olmuşdur ki, Moskva azərbaycanlıların silahlı birləşmələr yaratmasına mane olurdu. Qarabağ azərbaycanlılarının adi ov tüfənglərini də əllərindən alır, bildirirdilər ki, əhalinin müdafiəsini və respublikanın ərazi bütövlüyünü sovet ordusunun bu bölgədə yerləşən hissələri həyata keçirəcəkdir. Beləliklə, Dağlıq Qarabağın azərbaycanlı əhalisi taleyin ümidinə buraxılmışdı.
XX əsrin axırlarında baş vermiş Xocalı soyqırımı təkcə Azərbaycan xalqına deyil, bütün bəşəriyyətə qarşı yönəlmiş ən ağır cinayətdir. Dünya bunu yadda saxlamalıdır. Özü də bu, Azərbaycanın təbliğatı deyil, reallıqdır.
Hər il fevralın 26-da bütün dünya azərbaycanlıları bu dəhşətli faciənin ildönümünü qeyd edir. Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın başçılıq etdiyi Heydər Əliyev Fondunun fəaliyyətinin öncül istiqamətlərindən biri Xocalı faciəsi haqqında bütün həqiqətləri dünya ictimaiyyətinə çatdırmaqdan ibarətdir. Bu məqsədlə Azərbaycanın internet-portalı yaradılmış, “Qarabağ reallıqları” adlı bukletlər toplusu hazırlanmışdır. Ötən il həyata keçirilmiş xüsusi layihənin davamı olaraq, bu il Böyük Britaniyada, Hollandiyada, Polşada, Ukraynada, ABŞ-da (Vaşinqton, Nyu-York), Birləşmiş Ərəb Əmirliklərində (Dubayda) faciəli Xocalı hadisələrinə həsr olunmuş silsilə tədbirlər təşkil ediləcəkdir.
Bu ölkələrdə erməni faşistlərin sağlam düşüncəyə sığmayan vəhşiliklərini ifşa edən fotosənədlərin rus və ingilis dillərində sərgiləri təşkil olunacaq, Fondun keçirdiyi “Xocalı uşaqların gözü ilə” rəsm müsabiqəsinin qalibləri olmuş məktəblilərin işləri nümayiş etdiriləcəkdir.
Bununla əlaqədar qeyd etmək lazımdır ki, Azərbaycandakı müsəlman, xristian və yəhudi konfessiyalarının başçıları hər il Xocalı soyqırımının ildönümü ərəfəsində beynəlxalq ictimaiyyətə müraciət qəbul edir, 1992-ci il fevralın 26-da törədilmiş vəhşilikləri pisləməyə çağırır, bu cinayətin bilavasitə günahkarlarının məsuliyyətə cəlb olunmasını tələb edirlər.
Xocalı faciəsinin 16-cı ildönümü ilə əlaqədar, “Dua” adlı 13 dəqiqəlik yeni film nümayiş etdiriləcəkdir. Filmin ssenari müəllifi Yusif Şeyxov, rejissoru Ziya Şıxlinskidir. Dövlət sifarişi ilə çəkilmiş bu film bir sıra xarici dillərə tərcümə olunmuşdur və Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə bir sıra ölkələrdə, səfirliklərdə, eləcə də Azərbaycanın bütün telekanallarında nümayiş etdiriləcəkdir.
Dünya Xocalı faciəsi barədə həqiqəti bilməli və yadda saxlamalıdır. Cəzasız cinayət yoxdur və ola da bilməz. Həmin dəhşətli cinayətdə bu və ya digər şəkildə əli olanlar hələlik yalnız öz vicdanları qarşısında cavabdehlik daşıyırlar. Lakin vaxt gələcək, biz buna inanırıq, hökmən o gün gələcək ki, onlar öz mənfur əməllərinə görə tarixin məhkəməsi qarşısında, bəşəriyyət qarşısında cavab verməli olacaqlar.

("Yeni çağ" qəzeti)


Bookmark and Share
elaqelendirici     Fevral 19, 2008 19:45
Şərhlər(0)    80 oxunma
Tərəfdaşlar, Tədbirlərimiz, Ictimai hesabat    

Şərh yazın

  • shocked
  • smile
  • evil
  • grin
  • question
  • lol
  • rolleyes
  • mad
  • wink
  • razz
  • confused
  • redface
  • cool
  • suprised
  • cry
  • sad

captcha

elaqelendirici
  • İndi blogda: 28
  • Keçən ayın hiti: 1146
  • Dünənki hit: 30
  • Bugünki hit: 79
  • Ümumi hit: 12859

AddThis Feed Button
Add to Technorati Favorites


  © Bütün hüquqları qorunur və blogçuya məxsusdur - Dəstək: AzeriBlog.com