Yazar: elaqelendirici @ Dekabr 2, 2007 0:39
Noyabrın son günü Bakıda əlamətdar ədəbi-mədəni hadisə baş verdi: iki qardaş mədəniyyətə - ədəbiyyata həsr olunmuş tədbiri məhz beləcə xarakterizə etmək mümkündür.

Yeni Yazarlar və Sənətçilər Qurumu, AYB İctimai Qurumlarla Əlaqə və Analitik-İnformasiya Mərkəzi, Azərbaycanda təhsil alan türkiyəli tələbələrin “Öğrenci gazetəsi” (“Tələbə qəzeti”) mətbu orqanının redaksiya əməkdaşlarının birgə təşkil etdikləri məclis “Şeir və ədəbiyyat gecəsi” adlansa da, bu tədbir daha geniş amala - “Bir millət – iki dövlət” ideyasının gerçəkləşməsinə xidmət edirid. Hər iki ölkənin yeni nəsil yaradıcı gənclərinin, eləcə də tələbə və intellektualların toplaşdığı məclisi YYSQ sədri, yazıçı-kulturoloq Aydın Xan (Əbilov) açdı, müştərək düzənlənən tədbirin mahiyyəti barədə qısaca məlumat verdi: “Ədəbi-mədəni, elmi-ictimai düşüncəmizin birləşməsi, bir-birindən bəhrələnməsi, qardaş xalqların yaxınlaşmasına yardımçı olmaq baxımından keçirilməsinə başladığımız bu qapalı klub formatlı silsilə tədbirlərin əhəmiyyəti çox böyükdür...”
“Öğrenci gazetesi” nəşrinin baş redaktoru Emre Koca Azərbaycanda təhsil alan türkiyəli tələbələri, eyni zamanda iş adamları ilə azərbaycanlı yaradıcı qələm sahiblərinin yaxından ünsiyyətinin vacibliyini vurğulayaraq keçirilən tədbirin çağdaş türk milli-mədəni düşüncəsində iz qoyacağına, mədəniyyətlərimizin daha da yaxınlaşmasına yardımçı olacağına əminliyini bildirdi.
VHP sədri, millət vəkili, xalq şairi Sabir Rüstəmxanlı ədəbi-bədii məclisin işinə xeyir-daua verərək bu qəbil tədbirlərin gerçəkləşdirilməsinin vacibliyini xüsusi qeyd etdi, Türk Dünyası, Böyük Turan məfkürəsinin canlanmasına xidmət etdiyini dedi. Gənclərə, qələm adamlarına, türkiyəli tələbələrə tövsiyyələrini verən Sabir Rüstəmxanlı “Ana dilim” şeiri ilə poetik məclisi canlandırdı. Daha sonra məclisdə Azərbaycan tərəfindən iştirak edən yeni nəsil şair və yazıçılardan Səlim Babullaoğlu, Əli Əlioğlu, Rəbiqə Nazimqızı, Səxavət Sahil, Sabutay, Pərviz Yusif, eləcə də Qəşəm Nəcəfzadə, Yafəs Türksəs, Ramin Hacılı, Türkiyə tərəfindən Rasim Kara, Yalçın Demiriçi, Serdar Erdoğan, Ersin Görür və başqaları iştirakçıların sayı bilərəkdən məhdüdlaşdırılaraq qapalı klub formatında təşkil olunmuş məclisin keçirilməsini yüksək qiymətləndirdilər, onları düşündürən problemlər ətrafında fikir mübadiləsi apardılar.
Sonra şairlər qələmə aldıqları yeni şeirlərini oxudular, dinlənilən poetik nümunələr haqqında fikirlərini səsləndirdilər. Məclisdə ney musiqisi ifa edildi. Gələcəkdə keçiriləcək silsilə tədbirlərin forma və məzmunu barədə polemika aparılandan sonra da şeir və ədəbiyyat söhbətlərinə ara verilmədi.